ENG

Mehriban İmanova: Analitik mərkəzlərin Azərbaycanın elmi-intellektual potensialından faydalanması son dərəcə vacibdir

496
A A A
Sentyabr 29 2022

Elmin İnkişafı Fondu beyin mərkəzləri ilə elmi qurumlar arasında əməkdaşlığın inkişafında lazımi dəstəyi göstərməyə hazırdır.

Xəbər verdiyimiz kimi, sentyabrın 28-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) icraçı direktoru Mehriban İmanova Forumun “Qloballaşan dünyada milli kimliyin qorunması problemi”adlı panelində “Beyin mərkəzləri və elmi təşkilatlar arasında koordinasiya” mövzusunda çıxış edib.

EİF-dən AZƏRTAC-a bildirilib ki, elmin inkişafının Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biri olduğunu deyən Mehriban İmanova dövlətimizin milli maraqlarının ödənilməsində elmin inkişafının tələb edildiyini söyləyib. Diqqətə çatdırıb ki, elm və texnologiyanın inkişafı, ölkədə qabaqcıl innovasiya sisteminin nəzəri, metodoloji və tətbiqi elmi əsaslar üzərində formalaşdırılması Azərbaycan Respublikasının dövlət siyasətinin strateji məqsədlərindəndir.

“Analitik araşdırma mərkəzlərinin dövlətçiliyin inkişafına töhfəsinin artırılması müasir dövrün tələbinə çevrilib”, - deyə bildirən Mehriban İmanova əlavə edib ki, beyin mərkəzləri dövlətin mühüm məsələləri ilə bağlı problemlərin əsasən öncədən sezilməsinə və həllinə yönəlmiş tədqiqatlar aparan, qərar qəbul edən şəxslərə konkret tövsiyələr təklif edən qurumlardır.

O, hazırda ölkəmizdə “Türk-İslam” Araşdırma Mərkəzi, Qafqaz Tədqiqat Resurs Mərkəzi, “REGİON” Beynəlxalq Analitik Mərkəz (RBAM), Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) və digər analitik mərkəzlərin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

EİF-in icraçı direktoru həm beyin mərkəzləri, həm də elmi tədqiqatlarla məşğul olan qurumların Azərbaycanın elmi potensialı və nüfuzunun yüksəlməsinə xidmət etdiyini deyib. Vurğulayıb ki, beyin mərkəzlərinin ölkənin elmi-tədqiqat müəssisələri və təşkilatları ilə birgə fəaliyyət göstərməsi bütövlükdə elmin koordinasiyasının təkmilləşdirilməsi istiqamətində vacib məsələlərdəndir:

“Azərbaycanda beyin mərkəzlərinin inkişafı, səmərəli əməkdaşlıq əlaqələrinin təşkili, ölkədaxili və ölkəxarici siyasətdə baş verən aktual məsələlərin peşəkar dəyərləndirilməsi, analitikanın keyfiyyətini yüksəltmək məqsədilə respublikanın elmi-intellektual potensialından, alim və mütəxəssislərin təcrübələrindən faydalanmaq olduqca vacibdir. Eyni zamanda, beyin mərkəzlərində prioritet istiqamətlərdə aparılan tədqiqatların reallaşdırılması, müasir informasiya texnologiyalarının geniş tətbiqi, elmin maliyyələşdirilməsi və kommersiyalaşdırılması, innovativ biliklərin artırılması son dərəcə aktual məsələlərdir”.

Mehriban İmanovanın fikrincə, sözügedən qurumlar arasında səmərəli əməkdaşlıq əlaqələri ölkənin inkişafı ilə bağlı ortaq mövqeyin bildirilməsi, qlobal “beyin mərkəzləri” məkanına inteqrasiya və analitikanın keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verə bilər.

O, beyin mərkəzləri ilə elmi-tədqiqat institutları və laboratoriyalar arasında birgə layihələrin həyata keçirilməsini, tədqiqatların aparılmasını dövlət səviyyəsində aktual problemlərin tez bir zamanda həll edilməsinə səbəb olacağını söyləyib. Əlavə edib ki, beyin mərkəzləri arasında elm adamlarının da iştirakı ilə ictimai müzakirələr, konfranslar, seminarlar və digər tədbirlər təşkil etmək də bu yöndə vacib addımlardan hesab edilməlidir.

Elmin İnkişafı Fondunun fəaliyyəti ilə bağlı bəzi məqamları da diqqətə çatdıran icraçı direktor Fondun əsas etibarilə təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental layihələri və digər elmi tədbirləri maliyyələşdirməyi, alimlərin elmi fəaliyyətini stimullaşdırmağı və onlar üçün azad yaradıcılıq imkanları yaratmağı hədəflədiyini bildirib.

“Bizim qurum da öz növbəsində beyin mərkəzləri ilə AMEA-nın, eləcə də Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisə və təşkilatlar arasında münasibətlərin qurulmasında maraqlıdır və bu kimi əməkdaşlıqların inkişafında lazımi dəstəyi göstərməyi hər zaman hazırdır”, - deyə məruzəçi nitqini tamamlayıb.

Mənbə: Azərtac

HİKMƏTLİ SÖZLƏR