ENG

Azərbaycan Elm Fondu “Qarabağ‑Azərbaycandır!” məqsədli qrant müsabiqəsinin nəticələrini elan etdi.

350
A A A
Noyabr 05 2022

Hörmətli alimlər,

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı və ordusu misli görünməmiş qəhrəmanlıq və şücaət göstərərək, Ermənistanın işğalçı qüvvələri üzərində qələbə qazandı. İşğal altında olan tarixi torpaqlarımız müzəffər ordumuz tərəfindən  azad edildi. Qəhrəman əsgər və zabitlərimizin canları və qanları ilə qazandığı bu uğur Azərbaycanın qüdrətinin ən yüksək nümunəsidir.  Şanlı ordumuzun bizə qazandırdığı bu Zəfər tarixin səhifələrinə əbədi həkk olunmaqla yanaşı, dünyaya gücümüzü nümayiş etdirmiş oldu.

Hər il noyabrın 8-də Qarabağın tarixi əhəmiyyəti və işğaldan azad edilməsi, Azərbaycan xalqının iradəsinin və gücünün təntənəsinə çevrilmiş və dövlətimizin daha da inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyətə malik olan Zəfər Günü təntənəli şəkildə qeyd olunacaq.

Bütün dünya ölkələrinin maraqlarını birləşdirən əlamətdar günlərdən biri də 10 noyabr - Dünya Elm Günüdür. Dünya elminə böyük töhfələr bəxş edən dövlətlər sırasında olan Azərbaycan elm, təhsil sahəsində əhəmiyyətli nailiyyətlər qazanıb. Çünki ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri elm və təhsil sahəsinə göstərilən qayğının ardıcıl davam etdirilməsi, elmi-texniki potensialın qorunub saxlanılmasıdır.

Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondupublik hüquqi şəxs yaradılıb. Məqsədimiz alimlərin elmi tədqiqatlarına maddi dəstək verməkdir ki, bu da onlara Azərbaycanda elmin inkişafını nümayiş etdirməklə yanaşı, digər ölkələrdən olan həmkarları ilə əlaqələr qurmağa, əməkdaşlıq yollarını müəyyən etməyə imkan verir.

Bu əlamətdar tarixlərlə yanaşı, Azərbaycan Elm Fondu “Qarabağ‑Azərbaycandır!” məqsədli qrant müsabiqəsinin qaliblərini də elan edir.

“Qarabağ‑Azərbaycandır!” məqsədli qrant müsabiqəsi 19 avqust 2021-ci ildə Fond tərəfindən keçirilmişdir. 

Müsabiqədə iştirak etmək üçün layihələr “on-line” olaraq “e-QRANT” (“Qrant layihələrinin elektron idarəolunması sistemi”) vasitəsilə 2021-ci 19 avqust – 14 oktyabr tarixlərində qəbul olunmuşdur.

Bu müddət ərzində Azərbaycan Elm Fondunun icraçı direksiyası qrant iddiaçılarına kömək məqsədilə 4 məsləhət vebinarı təşkil etmiş, telefon və elektron-poçt vasitəsilə olan müraciətlərə cavab vermiş, ortaya çıxan suallara aydınlıq gətirmişdir.

Müsabiqəyə 32 layihə daxil olmuş, layihələrin elmi ekspertizası işi təşkil olunmuş, bu işə Azərbaycan Elm Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunmuşdur.

 “Qarabağ‑Azərbaycandır!” məqsədli qrant müsabiqəsi (kod: AEF/MQM/QA-1/2021-4(41)) çərçivəsində cəmi maliyyələşdirilmə həcmi 1 320 000 (bir milyon üç yüz iyirmi min) manat olmaqla 8 layihə seçilmiş (siyahı əlavə olunur) və onların maliyyələşdirilməsi məqsədəuyğun hesab edilmişdir.

 

Azərbaycan Elm Fondu bütün qalibləri təbrik edir və layihə iştirakçılarının ən yüksək elmi nəticələr əldə edəcəyinə ümid edir.

 

Qaliblərin siyahısı www.aef.gov.az saytımızda yerləşdirilib.

HİKMƏTLİ SÖZLƏR