ENG

İkinci Azərbaycan Elm Festivalı respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıyır

2660
A A A
Oktyabr 31 2016

Oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ikinci Azərbaycan Elm Festivalının açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, festival AMEA-nın təşəbbüsü, UNESCO, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın ölkəmizdəki səfirliyi və Moskva Dövlət Universitetinin dəstəyi ilə keçirilir.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək ölkəmizdə ikinci dəfə keçirilən Azərbaycan Elm Festivalının respublikamız və elmimiz üçün böyük əhəmiyyət daşıdığını, həmçinin elmi nailiyyətlərin təbliğində önəmli yer tutduğunu vurğulayıb. Bildirilib ki, elmimizin uğurlarının nümayiş olunduğu festivalda akademiyanın bütün elmi müəssisə və təşkilatları ilə yanaşı, bir sıra ali və orta təhsil müəssisələrinin nümayəndələri də iştirak edirlər. Tədbirin əsas məqsədi elmimizin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmaq, müasir elmi bilikləri təbliğ etmək, gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi-tədqiqat işlərinə marağı artırmaqdır.

2014-cü ildə keçirilmiş birinci Elm Festivalında 15 mindən çox insanın iştirak etdiyini xatırladan akademik A.Əlizadə diqqətə çatdırıb ki, bu tədbirə qatılanların sayının 50 minə çatacağı gözlənilir. Azərbaycanda elmin inkişafı və qarşıda duran vəzifələrdən danışan akademik festivala hazırlıq prosesini yüksək dəyərləndirib, iştirakçılara uğurlar arzulayıb.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov festival haqqında fikirlərini bölüşüblər. Diqqətə çatdırılıb ki, festival Azərbaycan elminin inkişafı və əldə olunan nailiyyətlərin təbliğində böyük töhfədir.

Naxçıvan, Sumqayıt, Şəki və Gəncə şəhərlərində davam etdiriləcək festival noyabrın 5-də başa çatacaq.

 

Mənbə: AZƏRTAC

 

HİKMƏTLİ SÖZLƏR