ENG

Elmin İnkişafı Fondu Qlobal Tədqiqat Şurasının (GRC - Global Research Council) Sürixdə keçirilmiş Avropa Regional İclasında təmsil olunub

2123
A A A
Noyabr 04 2016

Elmin İnkişafı Fondunun beynəlxalq əlaqələrinin gücləndirilməsi, Qlobal Tədqiqat Şurasının (GRC - Global Research Council) Avropa Regional İclasının işində iştirak məqsədi ilə Fondun icraçı direktoru Elçin Babayev 2016-cı il 1-4 noyabr tarixlərində İsveçrənin Sürix şəhərində ezamiyyətdə olub.

Qlobal Tədqiqat Şurası müxtəlif ölkələrin elmi tədqiqatları maliyyələşdirən agentlik, şura və fondların rəhbərlərindən təşkil olunmuşdur və adıçəkilən qurumlar arasında beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsini həyata keçirir. Təşkilatçıları İsveçrə Milli Elm Fondu və “Science Europe” təşkilatı olan növbəti Avropa Regional İclasında aşağıdakı məsələlər müzakirə olunub: regional əməkdaşlıq və perspektivlər, təcrübə mübadiləsi, GRC-nin 2017-ci ildə Kanadanın Ottava şəhərində keçiriləcək İllik Baş Toplantısının gündəliyi və s.

Səfər çərçivəsində İsveçrə Milli Elm Fondunun fəaliyyəti ilə də tanışlıq baş tutub. Adıçəkilən iclasda iştirakçı ölkələrin təcrübəsini əks etdirən çıxışlar dinlənilib, ümumi platforma müzakirə edilib, Elmin İnkişafı Fondu tərəfindən Azərbaycanın təcrübəsi haqqında müvafiq məlumat verilib. 

Ezamiyyət zamanı tədbirdə iştirakla yanaşı, müxtəlif ölkələrin elmi tədqiqatları maliyyələşdirən bir sıra agentlik, şura və fondlarının məsul şəxsləri ilə potensial əməkdaşlıq imkanları müzakirə olunub: İsveçrə Milli Elm Fondunun rəhbəri Dr. Angelika Kalt; Şota Rustaveli adına Gürcüstan Milli Elm Fondunun Baş direktorunun müavini Dr. Manana Mikaberidze; İsrail Elm Fondunun Baş direktoru Dr. Tamar Jaffe-Mittwoch; İsrail Elm Fondunun Akademik Şurasının sədri Professor Benjamin Geiger; Almaniya Tədqiqat Fondunun (DFG, German Research Foundation) Beynəlxalq Əlaqələr İdarəsinin Şimali Amerika və GRC üzrə rəhbəri, İcraçı Katib Dr. Rainer Gruhlich; Polşa Milli Elm Mərkəzinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Dr.Justyna Wozniakowska; Kanada Təbiət Elmləri və Mühəndislik Tədqiqatları Şurasının Vitse-prezidenti Dr.Alfred LeBlanc; “Science Europe” təşkilatının Elm siyasəti üzrə Departamentinin rəhbəri Dr. Stephan Kuster və digərləri.    

Elmin İnkişafı Fondunun “Science Europe” təşkilatına və Avropa Elm Fonduna (European Science Foundation) üzvlük məsələsi də müzakirə edilib. Qlobal Tədqiqat Şurasının Avropa Regional iclaslarından birinin Azərbaycanda keçirilməsi barədə Elmin İnkişafı Fondu tərəfindən təklif verilib.  

 

Mənbə: Regional GRC Meeting

 

HİKMƏTLİ SÖZLƏR