ENG

Elmin İnkişafı Fondunun nümayəndə heyəti Rusiya Fundamental Tədqiqatlar Fondunda olub

3011
A A A
Yanvar 23 2017

Elmin İnkişafı Fondunun nümayəndə heyəti 2017-ci il 19-20 yanvar tarixlərində Moskva şəhərində Rusiya Fundamental Tədqiqatlar Fondunda olub.

Elmin İnkişafı Fondu (EİF), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Federal dövlət büdcə təşkilatı “Rusiya Fundamental Tədqiqatlar Fondu” (RFTF) arasında 2016-cı ildə imzalanmış əməkdaşlıq haqqında üçtərəfli Sazişə əsasən keçirilməsi planlaşdırılan 1-ci birgə Azərbaycan-Rusiya beynəlxalq qrant müsabiqəsinin (“AzRus-1”) şərtləri, prioritetləri, maliyyələşdirilmə həcmi və müddəti, ekspertiza meyarları, iki tərəf üçün maraq kəsb edən bir sıra elmi layihələrin mövzuları, müsabiqə elanı və keçirilməsi qaydaları və s. məsələlər müştərək Komissiyanın iclasında müzakirə olunub. Komissiyanın iclasında Azərbaycan tərəfindən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevin də daxil olduğu heyət ilə yanaşı, AMEA-nın vitse-prezidenti, Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının üzvü, akademik İbrahim Quliyev də iştirak edib. İclasda Rusiya tərəfini Rusiya Fundamental Tədqiqatlar Fondunun Şurasının sədri, akademik Vladislav Pançenko, RFTF-nin direktoru Oleq Belyavski, RFTF-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Aleksandr Usoltsev, RFTF-nin Beynəlxalq Əlaqələr İdarəsinin Çoxtərəfli beynəlxalq proqramlar və keçmiş sovet ölkələri ilə əməkdaşlıq şöbəsinin rəisi Yaroslav Sorokotyaqa və bu şöbənin rəis müavini İrina Bumaqina təmsil edib. Müzakirələr zamanı fundamental elmlər sahəsində birgə fəaliyyətin, Rusiya ilə Azərbaycan arasında texnoloji və sosial-iqtisadi sahələrdə yeni layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Qərara alınıb ki, 2017-ci ildə 1-ci Azərbaycan-Rusiya birgə qrant müsabiqəsi (“AzRus-1”) elan olunsun, müəyyənləşdirilmiş müddət ərzində layihələr qəbul olunsun, ilin sonunadək  ekspertiza işi tamamlansın və qarşılıqlı müzakirələrdən sonra nəticələr elan olunsun.

Səfər müddətində Elmin İnkişafı Fondunun nümayəndə heyəti Rusiya Fundamental Tədqiqatlar Fondunun fəaliyyəti ilə ətraflı tanış olub, Rusiyada qrant maliyyələşdirilməsi üzrə müvafiq qanunvericilik, RFTF-nin qrant layihələrinin elektron təqdim olunması sistemi (KİAS), RFTF-nin qrant layihələrinin ekspertizası qaydaları, qrant layihələrinin maliyyələşdirilmə mexanizmi, beynəlxalq əməkdaşlıq və nəşrlərin mübadiləsi kimi məsələlər üzrə müzakirələr aparıb.

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR