ENG

Elmin İnkişafı Fondunun icraçı direktoru Qlobal Tədqiqat Şurasının 1-ci Avropa Regional İclasında iştirak etmişdir

3492
A A A
Noyabr 12 2015

Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev Qlobal Tədqiqat Şurasının (GRC-Global Research Council) İtaliyanın paytaxtı Roma şəhərində keçirilmiş 1-ci Avropa Regional İclasında iştirak edib.

Qlobal Tədqiqat Şurası (GRC) müxtəlif ölkələrdə elmi tədqiqatları maliyyələşdirən agentlik, şura və fondların rəhbərlərindən təşkil olunmuşdur və adıçəkilən qurumlar arasında beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsini həyata keçirir. Əsas təşkilatçıları İtaliya Milli Tədqiqat Şurası (National Research Council of İtaly) və Rusiya Fundamental Tədqiqatlar Fondu olan GRC-nin 1-ci Avropa Regional İclasında aşağıdakı məsələlər müzakirə olunmuşdur:

1. multidissiplinar elmi tədqiqatlar;
2. qadınların elmi tədqiqatlarda bərabərliyi və statusu məsələsi;
3. GRC-nin 2016-cı ildə Hindistanın Nyu-Delhi şəhərində keçiriləcək İllik Baş Toplantısının gündəliyi.

Səfər çərçivısində İtaliya Milli Tədqiqat Şurasının (NRC) idarəetmə strukturu və bu Şuranın fəaliyyəti ilə tanışlıq da baş tutmuşdur. Şuranın prezidenti professor Luigi Nicolais Şura haqqında ətraflı məlumat vermiş və Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduqlarını və bu məqsədlə Azərbaycana rəsmi səfər etməyə hazır olduqlarını bildirmişdir.

Elmin İnkişafı Fondunun beynəlxalq əlaqələrinin gücləndirilməsi, layihələrin qrantlar yolu ilə dəstəklənməsi, elmi tədqiqatlar və innovasiyalar siyasəti üzrə yeni regional əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsi (layihələr üçün yeni meyarlar, ekspertiza və qiymətləndirmə işi, maliyyələşdirilmə mexanizmləri, elmi-metriya və s.) məqsədi ilə 1-ci Avropa Regional iclasında iştirak edən bir sıra fondların və agentliklərin (Rusiya Fundamental Tədqiqatlar Fondu (RFFİ), Portuqaliya Elm və Texnologiyalar Fondu (FCT), İsrail Elm Fondu (İSF), Gürcüstan Şota Rustaveli adına Milli Elm Fondu, Çex Respublikasının Elm Fondu, Qlobal Tədqiqat Şurasının (GRC) Baş Katibliyi və ABŞ Milli Elm Fondunun (NSF) Avropa-Avrasiya Ofisi, “Science Europe” təşkilatı (Belçika), Türkiyə Elmi və Texnoloji Tədqiqatlar Şurası (TÜBİTAK), Fransa Milli Tədqiqat Agentliyinin Avropa və Beynəlxalq Əməkdaşlıq Departamenti) rəhbərləri və nümayəndələri ilə müzakirələr aparılmışdır.

Multidissiplinar elmi tədqiqatlar, qadınların elmi tədqiqatlarda bərabərliyi və statusu məsələsi üzrə müzakirələrdə fəal iştirak baş tutmuş, iclaslardakı diskussiyalarda verilmiş düzəliş və təkliflər qəbul olunmuş və yekun sənədə salınmışdır. Müzakirələrdə Azərbaycanda elm və texnologiyalar sahəsində mövcud vəziyyət və həyata keçirilən islahatlar, multidisiplinar tədqiqatlar üzrə görülən və planlaşdırılan işlər, qadınların Azərbaycanda elmə cəlb olunma statistikası iştirakçıların diqqətinə çatdırılmış və suallar cavablandırılmışdır. Bu tədbirdə iştirak, görüşlər və ünsiyyətlər bir daha göstərmişdir ki, ötən hər illə müqayisədə Azərbaycan dünyada daha çox tanınır, İtaliyada isə ölkəmiz haqqında səmimi və obyektiv fikirlər mövcuddur. 
Elmin İnkişafı Fondu faktiki olaraq GRC-nin fəaliyyətinə qoşulmuşdur.

 

Elmin İnkişafı Fondunun icraçı direksiyası

 

HİKMƏTLİ SÖZLƏR