ENG

Azərbaycan Elm Fondunun icraçı direktoru Türkiyədə keçirilən seminarda iştirak edib

281
A A A
Dekabr 28 2023

Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova Beynəlxalq Türk Akademiyası, Türkiyə Elm və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) və Türk Dövlətləri Təşkilatının Katibliyinin birgə təşkilatçılığı ilə Ankarada keçirilən “Türk dövlətləri arasında regional və qlobal məsələlərin həlli üçün elmi əsaslı çoxtərəfli əməkdaşlıq və birgə fəaliyyət” seminarında iştirak edib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Elm Fondundan bildirilib. Mehriban İmanova tədbirin plenar iclasında çıxış edərək fondun əsas fəaliyyət istiqamətləri, Azərbaycanda tədqiqat, innovasiya fəaliyyətlərinə fond tərəfindən göstərilən dəstək haqqında məlumat verib. İcraçı direktor bildirib ki, Azərbaycan Elm Fondu ölkədə elmi təşkilatlar, təhsil müəssisələri, digər müvafiq qurumlar və fiziki şəxslər tərəfindən təqdim olunmuş təbiət, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və axtarış-innovasiya xarakterli elmi tədqiqatların, proqramların, layihələrin və digər elmi tədbirlərin maliyyələşdirilməsi, alimlərin elmi fəaliyyətinin stimullaşdırılması və onlara əlavə yaradıcılıq imkanının təqdim olunması istiqamətində fəaliyyət göstərir. Fond dünyanın bir sıra innovativ müəssisələri, elmi fondları, o cümlədən TÜBİTAK ilə elm, təhsil, innovasiya sahəsində bilik və təcrübə mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq əlaqələrini davam etdirir, birgə layihələrin həyata keçirilməsində yaxından iştirak edir.

O, türk dövlətlərinin elmi əsaslı birgə fəaliyyətini nəzərdə tutan seminarın əhəmiyyətini vurğulayaraq, elm və texnologiya sahələrində institut və mərkəzlər arasında əməkdaşlığın türk ölkələri üçün bir çox üstünlüklər təqdim etdiyini diqqətə çatdırıb. Mehriban İmanovanın sözlərinə görə, iştirakçı institutlar və mərkəzlər beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməklə öz tədqiqatlarının və innovasiyalarının keyfiyyətini və təsirini artırmağa nail ola bilərlər. Həmçinin xüsusi avadanlıq, innovativ texnologiyalar və müxtəlif perspektivlər də daxil olmaqla, daha geniş təcrübə və resurslara çıxış əldə edə bilərlər.

Qeyd edək ki, seminarın əsas məqsədi iştirakçı müəssisə və qurumlar arasında şəbəkələşmə və əməkdaşlıq üçün zəmin yaratmaq olub.

Tədbirdə elm və texnologiya sahələrində birgə tədqiqat və təkmilləşdirmə layihələrinin hazırlanması, bilik və təcrübə mübadiləsinin təşviqi və türk dövlətləri daxilində potensialın artırılmasına dəstək məqsədilə əməkdaşlıq məsələləri müzakirə olunub.

Mənbə: AZƏRTAC

HİKMƏTLİ SÖZLƏR